"Biliyin Dəyəri" bu ilin Beynəlxalq Açıq Əlyetərlilik Həftəsinin (19-25 oktyabr) mövzusudur.
Biz insan anlayışını və ümumi rifahı inkişaf etdirmək məqsədilə bilik yaradır və paylaşırıq. Biz biliklərə çıxışın və paylaşmağın insan hüququ olduğunu qəbul edirik. Lakin biliklərə çıxış və paylaşım xərcləri tez-tez kəskin şəkildə artmaqda davam edir. Niyə? Kim bundan faydalanır?
Biliyin bütün aspektlərində konsolidasiyanın və kommersiya nəzarətinin artması müəyyən bir qiymətə başa gəlir. Bu ilin mövzusu bizi biliklərin yaradılması, paylaşılması və davamlılığının maliyyə, insan və ətraf mühit xərclərini, xüsusən də bu xərclər ictimai maraqlardan daha çox şəxsi maraqlardan qaynaqlandıqda nəzərə almağı çağırır. Keçən ilin "Biliklərimiz kimə məxsusdur?" mövzusu biliklərin kommersiya mülkiyyətinin reallığını əks etdirirdi. Bu ilin mövzusu isə həmin reallığın xərclərini və ictimai maraqlara xidmət etməli olan bu sistemlərə nəzarəti geri qaytarmağın yollarını nəzərdə tutur.
Bu xərclər jurnal abunəliklərinin və məqalə emalı xərclərinin sürətlə artan qiymətindən xeyli çoxdur. Müəlliflər, rəyçilər və redaktorlar tərəfindən nəşrlərə sərf olunan vaxt və əməyin dəyəri nədir və bu ödənişsiz əmək kimlərin maraqlarına xidmət edir? Dünya əhalisinin böyük bir hissəsinin biliklərin yaradılması, paylaşılması və davam etdirilməsində ədalətli iştirakdan kənarlaşdırılmasının və ya Yerli Məlumat Suverenliyinin tanınmamasının dəyəri nədir? Niyə tədqiqatçıların işləri razılıq və ya kompensasiya olmadan mülkiyyət əsaslı süni intellekt təlimi üçün lisenziyalaşdırılır və niyə bilik paylaşım platformaları indi tez-tez istifadəçiləri müşahidə edir? Məlumat mərkəzlərini insanların enerji və su ehtiyaclarından üstün tutmağın dəyəri nədir?
Mövcud vəziyyət ədalətli deyil. Heç vaxt da olmayıb və onu qorumaq neytral deyil. Xidmət etdikləri cəmiyyətin ən yaxşı maraqlarını əks etdirən bilik paylaşım sistemləri qurmaq fərdi və kollektiv şəkildə bu sistemlərə sadiqliyi tələb edir.
Xoşbəxtlikdən, bilikləri ictimai xeyir kimi yaratmaq, davam etdirmək və paylaşmaq üçün çoxsaylı nümunələr mövcuddur. Yerli Məlumat İdarəetmə modellərindən tutmuş ödənişsiz, qeyri-kommersiya və ictimai yönümlü davamlılıq modellərinə qədər, biliyi hasil ediləcək bir məhsul deyil, ümumi bir sərvət kimi qəbul edən yanaşmalar üçün zəmin yaranır. Bu yanaşmaların əhəmiyyəti UNESCO-nun Açıq Elm üzrə Tövsiyəsini qəbul edən 193 ölkə tərəfindən tanınıb. Mövcud məsələlərin önünə keçmək bilgi yaratmağımızın əsl səbəblərinə hörmət göstərən bilik paylaşım üsullarına doğru dəyişimi sürətləndirmək üçün bir fürsətdir.
Açıq Əlyetərlilik Həftəsi 2026-cı il oktyabrın 19-dan 25-dək keçiriləcək; lakin hər kəs ilin ən münasib vaxtında müzakirələr təşkil etməyə və tədbirlər görməyə təşviq olunur. Müəssisələr mövzunu yerli kontekstə uyğunlaşdıra və onlar üçün ən mənalı olan xüsusi müzakirələrə diqqət yetirə bilərlər. Bu yerli uyğunlaşdırılmış mövzuları təbliğ etmək üçün fərdiləşdirilə bilən qrafik şablonlar mövcuddur.
Bu elanının digər dillərdə tərcümələri, bu ilin mövzusu üçün qrafiklər və həftə haqqında daha ətraflı məlumat openaccessweek.org saytında mövcuddur. Həftənin rəsmi həştəqi #OAWeek-dir.
SPARC haqqında
SPARC, hər yerdə və hər kəsin dünyamızı formalaşdıran biliklərə çıxışı, töhfə verməsi və onlardan faydalanmasına imkan verən tədqiqat və təhsil üçün açıq sistemləri dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. Beynəlxalq Açıq Əlyetərlilik Həftəsi 2008-ci ildə SPARC və tələbə cəmiyyətindəki tərəfdaşlar tərəfindən təsis edilib. Daha ətraflı məlumatı sparcopen.org saytında əldə edə bilərsiniz.
Beynəlxalq Açıq Əlyetərlilik Həftəsi haqqında
Açıq Əlyetərlilik Həftəsi biliklərin açıq paylaşılmasına yönəlmiş qlobal hərəkəti siyasət dəyişikliklərinin inkişaf etdirilməsi və dünya miqyasında insanlara təsir edən sosial məsələlərin əhəmiyyəti ilə əlaqələndirmək üçün əvəzedilməz bir fürsətdir. Tədbir dünya üzrə fərdlər, müəssisələr və təşkilatlar tərəfindən qeyd olunur və onun təşkilinə hər ilin mövzusunu seçən qlobal məsləhət komitəsi rəhbərlik edir. Açıq Əlyetərlilik Həftəsinin rəsmi həştəqi #OAweek-dir.